Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Berlin Pub-da qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmədə şahid dindirilib.
Şahid qismində dindirilən Ramin Cəlilov bildirib ki, hadisə zamanı həmin kafedə olub. Onun sözlərinə görə, o, öldürülən Vüqar Mustafayevlə kafeyə gələndə Orxan onları ora buraxmayıb. Səbəb isə ayağında corabın olmaması idi. Sonradan onlar içəri keçiblər, amma rezerv etdikləri masada başqasının olduğunu və qızsız otura bilməyəcəklərini bildiriblər.
Kafedə mübahisə düşüb. Vüqarın vurulmasını və ölməsini şahid görməyib. Daha sonra Vüqarı maşınla “Leyla Medical Center”ə aparıblar. Lakin xəstə qəbul edilməyib. Sonradan Sabunçuda yerləşən xəstəxanaya aparılıb.
Məhkəmənin növbəti iclası martın 28-nə təyin edilib.
Qeyd edək ki, avqustun 29-da saat 21 radələrində “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Orxan Şahbazov Vüqar Mustafayevi döyərək Vüqara qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirib. Nəticədə Vüqar xəstəxanada ölüb.