"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “Brain Game” intellektual oyun hakatonu keçirilib. Bu barədə İnsanoid “Azərlotereya”ya istinadən bu gün, 12 dekabr tarixində xəbər verir.
Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və "Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbir çərçivəsində hər biri 3-5 nəfərdən ibarət 20 komanda yaradıcı və innovativ oyun layihələrini hazırlayıb. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər.
Bağlanış tədbirində komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Nəticələrə əsasən, “85 Games Studio” komandası 1-ci, “EcoDev” komandası 2-ci, “Bomba!” komandası isə 3-cü yerə layiq görülüb.
Sonda qaliblərə müvafiq olaraq, 5000, 2000 və 1000 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Növbəti yaxşı nəticə göstərən “Kript 10” və” AKA”komandaları isə həvəsləndirici mükafat alıb.