Böyük Qayıdış çərçivəsində bu gün Bakıdan doğma yurdlarına yola salınan 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə çatıb. Bu barədə 28 fevral tarixində Report məlumat verib.
Sakinləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.
Qeyd olunub ki, sakinlər Abşeron rayonunun Masazır kəndindən yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 10 ailə - 50 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.
Qeyd edək ki, Ağalı kəndinə növbəti 10 ailənin köçürülməsi martın 3-də təşkil ediləcək. Bununla da kənddə 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olunacaq. Doğma yurda köçürülmə isə davam etdiriləcək.