Ümummilli lider Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.
Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib, sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Memarlıq fakültəsinə daxil olub. Lakin o, Böyük Vətən müharibəsinin başlamasına görə təhsilini davam etdirə bilməyib. Heydər Əliyev 1957-ci ildə indiki BDU-nun Tarix fakültəsini bitirib.
Əliyev 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub. O, 1949-1950-ci illərdə Sankt-Peterburqdakı Rəhbər Kadrların Hazırlığı Məktəbində oxuyub. Heydər Əliyev 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində işləməyə başlayıb. O, 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub.
Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. O, 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.
Əliyev 1987-ci ildə SSRİ hökumətinin siyasətinə etiraz edib və tutduğu vəzifələrdən istefa verib. O, 3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Sovetinin sədri, 15 iyun 1993-cü ildə isə Azərbaycan Ali Sovetinin sədri seçilib.
Heydər Əliyev 1993 və 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2003-cü ildə olan prezident seçkilərində iştirak etməsinə baxmayaraq, səhhəti ilə bağlı yaranan problemlərə görə namizədliyini geri götürüb.
Ümummilli lider Heydər Əliyev 12 dekabr 2003-cü ildə ABŞ-nin Klivlend şəhərində xəstəxanada dünyasını dəyişib, 15 dekabr isə Bakıdakı Fəxri xiyabanda dəfn edilib.
29 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalanıb.