1980-ci illərin sonlarında ermənilər Dağlıq Qarabağı ələ keçirmək məqsədilə təxribatlar törətdilər. SSRİ-nin apardığı anti-Azərbaycan siyasəti və 1988-ci ilin noyabrında ermənilərin Şuşada, Topxana meşəsində alüminium zavodu tikmək məqsədi ilə həmin ərazini məhv etməyə başlaması Azərbaycan xalqının etiraz aksiyalarına səbəb oldu.
17 noyabr 1988-ci ildə Bakının indiki Azadlıq (keçmiş Lenin) meydanında minlərlə insan toplaşdı. Hərəkat 18 gün davam etdi, sovet qoşunlarının zirehli texnikası ilə dekabrın 3-dən 4-nə keçən gecə mitinq dağıdıldı, yüzlərlə insan həbs olundu.
Bu, SSRİ-də baş verən ən kütləvi çıxışlardan biri idi. Bu etirazlar Azərbaycanın Sovet İttifaqından çıxışına və SSRİ-nin süqutuna gətirib çıxartdı. 1992-ci ildən 17 Noyabr Azərbaycanın tarixinə Milli Dirçəliş Günü olaraq daxil olub.