Televiziya yaradılması haqqında qərar 1953-cü ilin dekabrında Bakıda qəbul edilib. Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı və 1955-ci ilin sonunda təhvil verildi.
14 fevral 1956-cı ildə aktrisa Nəcibə Məlikova tamaşaçıları “Göstərir Bakı!” sözləri ilə televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. 14 fevral Azərbaycan televiziyasının yaranma günü hesab edilir. Bu, Şərqin ilk televiziyasıdır.
2 sentyabr 1956-cı ilə qədər Bakı studiyası artıq 100-ə qədər bədii film göstərmişdi. Televiziyada "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pioner" adlı kinojurnallar nümayiş olunurdu. Moskvadan və SSRİ-nin digər respublikalarından Azərbaycana gələn sənət adamları tez-tez Bakı studiyasından çıxış edirdilər.
1973-cü ildən Azərbaycan televiziyasının proqramları rəngli yayımlanmağa başladı. 1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə SSRİ-də 4-cü yerə çıxdı. Videokameralar vasitəsilə çəkilişlər aparmaq, montaj etmək, həm də birbaşa efirə çıxmaq mümkün oldu.
2005-ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrildi. Bundan sonra televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.