Bu gün, oktyabrın 28-də daha bir ölkədəki Fransa səfirliyinin qarşısında aksiyanın keçirilməsi gözlənilir. Bu barədə AZfront xəbər yayıb.
Yerli Azərbaycan diasporunun fəalları və onları dəstəkləyən aksiyanın keçirilməsi planlaşdırılan ölkənin vətəndaşları Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinə dair səsverməyə etiraz etmək niyyətindədirlər. Sözügedən qətnamə Azərbaycanı “kütləvi və hərbi cinayətlər”də ittiham edir, həmçinin Aİ ölkələrinin Azərbaycan nefti və qazının alınmasına embarqo tətbiq etməsini ehtiva edir.
Aksiyada, həmçinin Azərbaycan xalqı adından Senata və Fransa xalqına ünvanlanan və Mesopinions.com saytına yerləşdirilən petisiyaya dəstək də nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 15-də Fransanın Bakıdakı səfirliyi qarşısında 40-a yaxın qadın və uşağın iştirakı ilə aksiya keçirilib. Oktyabrın 19-da analoji aksiya Azərbaycan diasporunun fəalları tərəfindən Moskvada, 26-da isə Astanada keçirilib.