Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, 1965-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 1969-cu ildə indiki Bakı Musiqi Akademiyasını, 1971-ci ildə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. Təhsilini bitirdikdən sonra Bakı Musiqi Akademiyasında müəllim, baş müəllim, dosent, professor vəzifələrinə təyin olunub. Fərhad Bədəlbəyli 1991-ci ildən akademiyanın rektorudur.
Bədəlbəyli, eyni zamanda 1986-1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. Onun təşəbbüsü ilə 1987-1996-cı illərdə rəhbəri olduğu Bakı İncəsənət Mərkəzi və hazırda sədri olduğu Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaradılıb.
Fərhad Bədəlbəyli dünyanın 50-dən çox ölkəsində (ABŞ, Almaniya, Fransa və s.) konsert proqramları ilə çıxış edib. O, Azərbaycanda və xarici ölkələrdə ustad dərslərində iştirak edir, müxtəlif Respublika və Beynəlxalq müsabiqələrin münsiflər heyətinin sədri və üzvü kimi dəvət olunur. Bədəlbəyli Azərbaycan SSR Xalq artisti, SSRİ Xalq artisti adlarına layiq görülüb, həmçinin Dövlət mükafatı, 2 dəfə “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif olunub.
4 yanvar 2021-ci ildə Fərhad Bədəlbəyli Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.