Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşən Kərki kəndi 18 yanvar 1990-cı ildə ermənilər tərəfindən işğal olunmuşdur. Kərkidən Ermənistanın cənubu ilə şimalını birləşdirən dövlətlərarası magistral yol keçdiyi üçün kənd ermənilər üçün vacib hərbi-strateji məntəqədir.
Həmin gün kənd səhər saat 4-dən axşam saat 6-7-yə qədər şiddətli atəşə tutulmuşdur. Qüvvələr nisbəti qeyri-bərabər olduğundan, silah çatışmazlığından və ərazi dörd bir tərəfdən mühasirə şəraitində yerləşdiyindən kənd ermənilər tərəfindən işğal edildi. Kərki kəndi hazırda Naxçıvanın işğal altında olan yeganə kəndidir.
Kərki və Sədərəyin müdafiəsi uğrunda vuruşan Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular.
İşğaldan sonra kəndin didərgin düşmüş əhalisinin məskunlaşması üçün Kəngərli rayonunda Yeni Kərki kəndi salınmışdır.