Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın vəfatından 38 il ötür. Zərifə xanım 15 aprel 1985-ci ildə 62 yaşında Moskvada vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novodeviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri xiyabanda, atasının məzarının yanında dəfn olunub.
Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub. Zərifə Əliyeva göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair bir çox tədqiqatlar aparıb. Azərbaycanda traxoma xəstəliyinin sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. Nailiyyətlərinə görə o, 1980-ci ildə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adını alıb. Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olub.