Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur. Bunu 26 yanvar tarixində Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa-tikinti işləri başlayıb: "İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa edilir, 2 kəhriz tam bərpa olunub, 3-ünün bərpası üzrə işlər isə yaxın aylarda tamamlanacaq".
İşçi qrupun üzvü vurğulayıb ki, "Böyük Qayıdış" proqramının birinci mərhələsində 2024-cü ilin sonunadək Horovlu kəndində əhalinin sayı təxminən 1 395 nəfər təşkil edəcək: "Növbəti illər üçün kənd əhalisinin sayının təxminən 3 500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır".