2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan dünyanın 139 ölkəsi ilə ticarət əməliyyatları aparıb. Bu haqda 12 aprel tarixində dərc edilmiş Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
İki ay ərzində 91 ölkəyə məhsul ixrac edilib, 130 ölkədən isə idxal olunub. Bu dövrdə xarici ticarət dövriyyəsi 7,7 milyard dollardan çox olub. Bu da ötən ilin yanvar-fevral aylarına nisbətən real ifadədə 12,8% artım deməkdir.
Xarici ticarət dövriyyəsinin 39,3%-i İtaliya, 11,8%-i Türkiyə, 5,1%-i Rusiya, 4,2%-i isə Ukraynanın payına düşüb. İxracda əsas tərəfdaşlar İtaliya, Türkiyə və İsraildir. İdxalda isə əsas partnyorlar Türkiyə, Çin və Rusiyadır.
Hesabat dövründə Azərbaycan 461,8 milyon dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib. Bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 32% çoxdur. Həmin məhsullar, əsasən, Türkiyəyə, Rusiyaya və Gürcüstana ixrac edilib.