Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb. Bu barədə Report 22 yanvar tarixində xəbər verib.
Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 106 nəfər köçürülür.
Onlardan 17 ailə (56 nəfər) Bakı şəhərindən, dörd ailə (18 nəfər) Abşeron rayonundan, dörd ailə (15 nəfər) Sumqayıt şəhərindən, dörd ailə (14 nəfər) Füzuli rayonundan olub, daha bir ailə isə (üç nəfər) Beyləqan rayonunda qeydiyyatda olub.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 25 ailə (89 nəfər) Qaradağ rayonundakı “Qobu Park-3” şəhərciyindən, məktəbin qarşısından səhər saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə (17 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq birlikdə hərəkət edəcəklər.
Bugünkü köç nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 440 ailə (1625 nəfər) köçürülüb.