Ölkədaxili marşrutlar üzrə qatarlarda “Wi Fi” şəbəkəsinin keyfiyyətli qurulmasını təmin etmək baxımından "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb.
Bu barədə APA 31 may tarixində xəbər verib.
Razılaşmaya əsasən, mobil operatorlar ölkədaxili marşrutlar üzrə mobil rabitənin keyfiyyətini və davamlı təminatını yoxlamaq məqsədilə Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə monitorinqlər həyata keçiriblər. Monitorinqin nəticələrinə əsasən, sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək. Bundan sonra ADY qatarlarda “Wi Fi”xidmətinin əlçatan olması istiqamətində müvafiq addımları atacaq.
Bununla yanaşı, hazırda Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Ağstafa stansiyalarında ödənişsiz “Wi Fi” zonalarının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb.
Abşeron dairəvi, Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə yerləşən və daha çox sərnişin qəbul edən digər stansiyalarda da ödənişsiz “Wİ Fİ zonalarının yaradılması mərhələli şəkildə həyata keçiriləcək.