Yasamal rayonunun Tolstoy küçəsi, 131 ünvanında yerləşən 3 753 inventar nömrəli, yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib. Bu barədə APA-ya 15 iyul tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Aşkar olunan müdaxilə faktının qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, əlavə qurğular sökülüb, tarixi tikili ilkin görkəminə qaytarılıb.
Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.
“Faktla bağlı qanunamüvafiq tədbirlər görülməkdədir”, - məlumatda bildirilib.
[gallery columns="1" size="full" link="file" ids="122107"]