Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub. Bu barədə 21 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, o, Zəngəzur mis-molibden kombinatının gözətçisini "qətlə yetirməkdə təqsirləndirilib".
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov həbs olunaraq, “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar.
Qeyd edək ki, Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.