Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulublar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 15 mart tarixində xəbər verir.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının paytaxtın Binə qəsəbəsində həyata keçirdikləri əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, onun qardaşı Ələsgər və qohumları - yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.
Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.
Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonlarında da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları Sabunçu qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.