"Öngörücü" Şirvan sakinlərini aldadaraq 50 000 dollar və 15 000 manatlarını alıb. Bu barədə 1 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 dollar və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub. Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.
Şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. Dindirilmə zamanı həmin qadın cinayət əməlini etiraf edib.
Məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öngörücü olduğunu bildirərək, iddia etdiyi kimi, qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstərəcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi açılıb.