Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılıb. Bu barədə 21 iyul tarixində APA məlumat verib.
Bu gün məhkəmədə keçirilən prosesdə saxlanılanlar barəsində həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
Cinayətə cəhd martın 28-də saat 21:51-də qeydə alınıb. Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı “dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə” və “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə” maddələri ilə cinayət işi başlanılıb.