Bakıda həbsdə olan ərinə narkotik keçirmək istəyən qadın saxlanılıb. Bu barədə İnsanoid Ədliyyə Nazirliyi Penitensiar xidmətinə istinadən bu gün, 19 may tarixində məlumat verir.
Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Əhəd oğlu Fətullayevlə qısamüddətli görüşə gələn arvadı Naidə Şikar qızı Nağıyevanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman üzərində gizlətdiyi 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,723 qram olan psixotrop maddə metamfetamin və ümumi çəkisi 0,945 qram olan narkotik maddə marixuana aşkar olunub.