İyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək. Bu barədə 7 iyun tarixində Report məlumat verir.
Bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunacaq.
İnformatika fənni üzrə imtahanda 11 804, coğrafiya fənni üzrə imtahanda isə 6 636 nəfərin iştirakı nəzərdə tutulur.
İmtahanda 26 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Qeyd olunub ki, I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən, lakin 26 may və 2 iyunda keçirilən əsas imtahanda iştirak etməyən abituriyentlərin 9 iyunda keçiriləcək informatika və ya coğrafiya fənləri üzrə əlavə imtahanda iştirak etmələrinin hüquqi əhəmiyyəti yoxdur.