Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 16-da rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) üzrə imtahan keçirəcək. Bu barədə 13 iyul tarixində Mərkəz məlumat verib.
İmtahanda 1 044 namizəd iştirak edəcək.
Onlardan 778 nəfər Azərbaycan, 266 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 444 nəfəri oğlan, 600 nəfəri isə qızdır. 220 nəfər cari ilin, 422 nəfər əvvəlki illərin məzunudur. 7 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".