Kürdəmir və Saatlıda bələdiyyə sədrləri barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
Kürdəmir polisi sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirib.
Bu zaman rayonun Mollakənd və Şilyan kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə adları qeyd olunan kənd bələdiyyələrinin sədrləri barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb və aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.
Analoji fakt Saatlıda da aşkarlanıb. Rayonun müxtəlif küçə və prospektlərində sənaye və məişət tullantılarının qalaqlanması faktlarına görə rayon bələdiyyəsinin sədri barəsində müvafiq tədbirlər görülüb və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.