Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 4 may tarixində xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.