“Location” klubundakı partlayış zamanı daha bir əcnəbinin xəsarət aldığı müəyyənləşib. Bu haqda aprelin 12-də Qafqazinfo məlumat yayıb.
Hadisə zamanı “Location” klubla üzbəüz “Room” restoranının qarşısında dayanan italiyalı iş adamı Miçelle Balleri ağır yaralanıb. Başından zədə alan Miçelle Ballerinin müalicə üçün İtaliyaya göndərildiyi bildirilir.
O, Bakıda fəaliyyət göstərən “Saipem”neft şirkətinin əməkdaşıdır. "Saipem" şirkəti isə Azərbaycanda BP-nin əsas podratçılarından biridir. Məlumata görə, M. Balleri 8 ilə yaxındır ki, Azərbaycanda çalışır və şirkətin rəhbər şəxslərindən biridir.
Partlayış zamanı “Room” restoranının önündə dayanan italiyalı mühəndisin başına taxta dəymişdi. Həmin anın görüntüləri təhlükəsizlik kameralarına da düşmüşdü.