Siyəzən Rayon Məhkəməsi məktəblini bıçaqlamaqda təqsirləndirilən 9-cu sinif şagirdi ilə bağlı qərar verib. Bu haqda aprelin 13-də Report məlumat yayıb.
Məktəbli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hadisə aprelin 5-də Siyəzən şəhər C. Cabbarlı adına 1 saylı tam orta məktəbində baş verib. Böyük tənəffüs zamanı 10-cu sinif şagirdi və 9-cu sinif şagirdi arasında mübahisə yaranıb. Dava zamanı 9-cu sinif şagirdi 10-cu sinif şagirdinin bel nahiyəsinə bıçaqla zərbə endirib.
Yaralı Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Xəstəxanada yaralı şagird əməliyyat olunub. Əməliyyatdan sonra şagird Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib.
Bıçaqlayan şagird barəsində Cinayət Məcəlləsinin “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsilə ittiham irəli sürülüb.