4 aprel 2022-ci il tarixindən Neft Emalı Zavodu (NEZ) əsaslı planlı təmirə dayandırılıb. Bəs bu, ölkədaxili yanacaq təminatına təsir göstərəcəkmi? Məsələ ilə bağlı aprelin 12-də SOCAR-dan Trend-ə açıqlama verilib.
Məlumatda bildirilib ki, görülən işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. İşlərin görülməsi üçün SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, ölkənin mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğularının istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Eyni zamanda, yanacağa olan tələbat NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcəkdir.