Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Bu barədə 24 yanvar tarixində Report məlumat verib.
O bildirib ki, beynəlxalq müşahidəçilərin sayı 400 nəfərə yaxındır. Bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.