Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı “Azərbaycan əlifbası və dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən, hər il avqustun 1-i ölkədə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.
1922-ci ildə Azərbaycan SSR hökumətinin qərarı ilə yeni Əlifba Komitəsi yaradılıb və həmin komitə Azərbaycan dili üçün latın qrafikalı əlifbanı tərtib edib. 1940-cı ildə latın əlifbası kiril əlifbası ilə əvəz olunub. 25 dekabr 1991-ci ildə isə Azərbaycan Ali Sovetinin Milli Şurası tərəfindən “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Qanun qəbul edilib.
Rus şairi M.Y. Lermontov Azərbaycan dili ilə maraqlanırdı. O, Tiflisdə olarkən Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovla tanış olmuşdu və bu dili öyrənmək istədiyini ona bildirmişdi. Bu barədə rus şairinin poetik müraciəti də mövcuddur:
“Kaş ki sizin dildə danışam aydın,
Kaş ki müəllimim özün olaydın”.