Bakıda Qış parkında sevgililərin səmimi münasibətinə müdaxilə edən gənclər məhkəməlik olublar. Bu barədə noyabrın 2-də Şəbəkə xəbər yayıb.
Bu ilin aprelində Həbib adlı gənc sevgilisi ilə parkda əyləşən zaman Səxavətlə Nicat adlı iki şəxs onu öz yanına çağırıb. Bu zaman dostlar ondan niyə qızla skamyada səmimi oturduğunu soruşublar. “Camaatın anası-bacısı var, üstəlik Ramazan ayında belə hərəkət etmək olmaz”, - deyə dostlar Həbibə irad tutublar.
Həbib onlardan üzr istəyib. Nicat isə cavab olaraq “pul verdiyin halda üzrxahlığını qəbul edə bilərik” deyib. Skamyanın üzərində bıçağı görən və iki nəfərlə bacara bilməyəcəyinin fərqinə varan Həbib üzərində olan 240 manatı onlara verib.
Lakin Həbibin pul qabında bank kartının da olduğunu görən Səxavətlə Nicat ondan yenə əl çəkməyib və kartda olan pulu da onlara verməsini istəyiblər. Həbib kartda cəmi 50 manat qaldığını desə də, onlar bankomata yaxınlaşan zaman məbləğin 130 manat olduğunu görən iki dost Həbibə daha 50 manat “cərimə” kəsib.
Adıçəkilən şəxslər pulu bankomatdan çıxardıqdan sonra dostların tanışının işlədiyi dönərxanada dönər yeməyə gediblər. Bu zaman Həbib dostuna zəng edərək dönərçinin kartına 50 manat atmasını istəyib. Pulun gəldiyini gördükdən sonra Nicatla Səxavət ondan əl çəkiblər.
470 manat ziyana düşən zərərçəkən şəxs oradan uzaqlaşdıqdan sonra polisə məlumat verib. Şikayətdən sonra təqsirləndirilən şəxslər saxlanılıblar. Məhkəmədə hər iki şəxsə hökm oxunub, onlar 8 il azadlıqdan məhrum ediliblər.