Perinatal Mərkəzdəki yanğından təxliyə olunan 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş Yeni Klinikaya yerləşdiriliblər. Bunu Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev deyib. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
Onun sözlərinə görə, onların vəziyyətləri stabildir, lazımi müdaxilə edilib və müalicələri davam edir.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri Xətai rayonunun Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub. Yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.
Perinatal Mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı “yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” və “səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddələri ilə cinayət işi başlanıb.