Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 21 dekabr tarixində xəbər verir.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər Ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq, “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib.
Məsciddə bərpa-təmir işləri davam edir.
[caption id="attachment_156165" align="alignnone" width="696"]
Foto President.az saytı[/caption]