Abşeronda qadın sürücünü boğaraq telefonunu almağa cəhd göstərən şəxs tutulub. Bu barədə 19 mart tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi “Toyota” markalı avtomobilə oturmuş bir nəfər onu boğaraq mobil telefonunu almağa cəhd göstərib. Lakin qadın həmin şəxsə müqavimət göstərib və o, hadisə yerindən qaçıb.
Hadisəni törətməkdə şübhəli bilinən və əvvəllər quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Xırdalan şəhər sakini saxlanılıb.
Məlum olub ki, həmin şəxs martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi “Hyundai” markalı avtomobilə oturub və qadını bıçaqla hədələyərək quldurluq yolu ilə onun avtomobilini ələ keçirməyə cəhd edib.
Faktla bağlı araşdırma aparılır.