Sabah saat 11:00-da işğaldan azad olunmuş ərazilərə təşkil edilən müntəzəm avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılacaq. Bu barədə 22 avqust tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətlərini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 606 reys həyata keçirilib, 24 826 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.