Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq üçün 1 400-dən artıq müraciət daxil olub. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində bildirib.
Bu barədə 8 iyun tarixində Report məlumat verib.
Onun sözlərinə görə, həmin müraciətlərin 500-ə yaxını xarici şirkətlərə məxsusdur.
"Bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir. Biz həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də orada biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işləri davam etdiririk", - deyə sədr qeyd edib.