Abşeron rayonunun Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəblərinin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub. Bu barədə İnsanoid APA-ya istinadən 13 iyun tarixində xəbər verir.
Abşeron - Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə Abşeron rayonunun Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinin dördüncü sinfinin və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin birinci sinfinin tədris ilinin yekunu ilə əlaqədar keçirilmiş tədbirləri ilə bağlı videogörüntülər yayımlanıb.
Hər iki məsələ ilə bağlı xidməti araşdırma aparılıb.
Araşdırmanın nəticəsinə görə, 10.06.2023-cü il tarixində Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın, 11.06.2023-cü il tarixində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cəlalə Abdullayevanın iştirakı ilə tədbir keçirilib. Tədbirlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyələrin təqdim olunması əks edilib.
Bu tipli tədbirlərin təşkilinə ciddi nəzarətin olmamasına görə Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub.
Bununla yanaşı, müəllimlərlə söhbət aparılıb.
Ümumi təhsil müəssisələrində müəllimlərin peşə fəaliyyətinə zidd olan belə hallara yol verilməməsi ilə bağlı dəfələrlə məktəb rəhbərlərinə təlimat və tapşırıqlar verilib, bu və ya digər hallarla əlaqədar müxtəlif cəza tədbirləri həyata keçirilib.