“Qarabağ” futbol klubunun məşqçisi Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə 13 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.
O, Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə təltif edilib. Qeyd edək ki, bu gün Qurban Qurbanovun 50 yaşı tamam olub.
Qurban Qurbanov 1992 - 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın ən sərrast oyunçusudur.
2008-ci ildən "Qarabağ" klubunun baş məşqçisidir. 2017-2018 illər arasında Azərbaycan millisini çalışdırıb. "Qarabağ" futbol klubu ilə 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin dəfələrlə Avropa Liqası, Çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. Cari mövsümdə isə Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsini dəf edərək Konfrans Liqasının pley-off oyunlarına vəsiqə qazanıb.