"5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur". Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.
Bu barədə 4 iyul tarixində Report məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanın müddəti 10 saniyədən az olub və heç bir dağıntı qeydə alınmayıb.
Q.Yetirmişli bildirib ki, kiçik təkanlar var və olmalıdır: "Yəni avterşoklar, enerji boşalmaları gedir. Çünki güclü təkanlar olub. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Bununla yanaşı, ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Bəlkə də, heç olmayacaq. Çünki zəlzələ ocağı 65 kilometr dərinlikdədir".
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Dağıntı və tələfat olmayıb.