Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İraqda səfərdə olub. Bu barədə 8 dekabr tarixində Nazirlik məlumat verib.
Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
Belə ki, nümayəndə heyətini İraq Prezidenti Əbdüllətif Camal Rəşid qəbul edib. İkitərəfli münasibətlərin bütün sahələrdə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri, dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi vurğulanıb.
İraqın müdafiə naziri Thabet Muhammad Al-Abbasi ilə görüşdə Azərbaycanın müdafiə sənayesinin potensialı barədə məlumat verilib, ali təhsil naziri Naim Abd Yaser ilə Azərbaycanda ali təhsil alan İraq vətəndaşlarının sayının artırılması müzakirə olunub.
Səfər zamanı, həmçinin Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Huseynlə görüş keçirilib. Rəsmi şəxslərlə görüşlərlə yanaşı, Azərbaycan və İraq şirkətlərinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçirilib. İraq bazarında Azərbaycan investisiyalarının inkişafı müzakirə olunub.
[gallery columns="1" link="file" size="full" ids="154604"]