Salyan və Saatlıda pirotexniki vasitələr satan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 27 dekabr tarixində xəbər verir.
Salyan polisinin partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində keçirilən tədbirləri zamanı rayon ərazisində yerləşən köşklərin birində pirotexniki vasitələrin satıldığı aşkar edilib.
Qayda pozuntusuna yol verən şəxs barəsində istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Analoji qayda pozuntusu Saatlı rayonunda da aşkarlanıb.
Şirinbəy kəndi ərazisində yerləşən mağazaların birində qanunsuz olaraq pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən olunub və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Bu istiqamətdə tədbirlər respublikanın bütün bölgələrində davam etdirilir.