Sabirabadda yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə İnsanoid Sabirabad Rayon Prokurorluğuna istinadən bu gün, 2 fevral tarixində xəbər verir.
Verilən məlumata görə, ötən il noyabrın 4-də 35 yaşlı Sabirabad rayon sakini Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Regional Perinatal Mərkəzinin Doğum Evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla qeyd olunan Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkim-neonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaraq, əməliyyatın gecikdirilməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.