Qusarda “Şahdağ Motosiklet Festivalı” keçirilib. Bu barədə Report 23 avqust tarixində xəbər verib.
Tədbir Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Şahdağda ilk dəfə olaraq baş tutan festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar qatılıb. İki gün davam edən tədbirdə motosikletçilər təşkilatçılar tərəfindən hazırlanan müxtəlif müsabiqələrdə iştirak ediblər.
Yarışda motohəvəskarlar güclü motosiklet, dəbli motisiklet, təcrübəli motosikletçi, uzağa üzmə, qol güləşi və digər müsabiqələr üzrə birincilik uğrunda mübarizə aparıblar.
Öz bacarıqları və istedadları ilə seçilən qaliblər sonda münsiflər heyəti tərəfindən müxtəlif mükafatlarla təltif olunublar.
Tədbir çərçivəsində kompleksin qonaqları üçün motohəvəskarlar tərəfindən ödənişsiz peşəkar təlimlər də keçirilib.
Həm yerli, həm də əcnəbi qonaqlar tərəfindən böyük maraqla qarşılanan festival çərçivəsində iştirakçılar və turizm mərkəzinin qonaqları üçün şou proqramlar təşkil edilib.