Şəkidə üzərində tapança gəzdirən keçmiş məhkum və silsilə oğurluqlar edən qardaşlar saxlanılıblar. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 22 yanvar tarixində xəbər verir.
Üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Ruslan Hacısəlimov saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, həmin silaha məxsus 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Ekspertizanın rəyinə əsasən, Ruslan Hacısəlimovdan götürülən silah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib.
Həmçinin Şəki şəhəri ərazisində silsilə oğurluqlar edən qardaşlar, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuşlar – Əli və Məhəmməd İsaqovlar saxlanılıblar. Onların mağazadan 1300 manat pul, qəbiristanlıqdan 800 manat dəyərində dəmir məhəccərlər, avtomobillərdən pul kisəsi və akkumulyatorlar oğurladıqları müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları dəmir məhəccərləri və akkumulyatorları satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam edir.
Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.