Şamaxı İncəsənət Təhsil Mərkəzinin direktor müavini Novruzova Lalə Məmməd qızı barəsində daxil olan şikayətlər araşdırılıb və o, işdən çıxarılıb. Bu haqda məlumat Mədəniyyət Nazirliyindən Apa.az-a bu gün, 28 oktyabr tarixində verilib.
Belə ki, Mədəniyyət Nazirliyinin tapşırığı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, işçilərin mənafeyini qorumaq və əmək intizamını təmin etmək məqsədilə Mərkəzin direktor müavini işdən kənarlaşdırılıb. Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin əmri ilə Şamaxı İncəsənət Təhsil Mərkəzində aparılmış xidməti araşdırma nəticəsində aşkarlanan cinayət əlamətləri olan məlumatlar qanunvericiliyə uyğun olaraq, aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim edilib. Hazırda Şamaxı İncəsənət Təhsil Mərkəzinin direktor müavini Novruzova Lalə Məmməd qızının təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.
Eyni zamanda vurğulayırıq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin fəaliyyətinin nizama salınması və mövcud olan neqativ halların aradan qaldırılması ilə bağlı komissiya yaradılmış, hazırda komissiya tərəfindən sözügedən Mərkəzdə lazımi tədbirlər həyata keçirilir.