Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir. Bu barədə İnsanoid bu gün, 8 iyun tarixində xəbər verir.
İyunun 8-də səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda hazırlanmış hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.
Hava şarlarında turist uçuşları hələ ki həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olub.
Saat 16:00-dan isə festivalın bədii proqramı start götürəcək. iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcəklər. Əyləncə proqramında uşaqlar üçün fərqli ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq olar.