İşğaldan azad edilmiş və yenidən tikintisi nəzərdə tutulan yaşayış məskənlərinin sakinləri ilə növbəti görüş keçirilib. Bu barədə Report 22 noyabr tarixində xəbər verib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən görüşdə Cəbrayıl rayonunun Sarıcallı və Maşanlı kəndlərinin sakinləri iştirak ediblər.
Tədbirin məqsədi kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və onun ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.
Həmçinin görüşdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, onların istək və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Yenidən qurulan yaşayış məntəqələrinin sakinləri ilə artıq 10-a yaxın görüş keçirilib.