Gədəbəy rayonunun Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb. Bu barədə 22 iyun tarixində “Qafqazinfo” xəbər verir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hazırda sakinləri narahat edən məsələlər araşdırılır: "Həmçinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə sakinlərdən başqa şəxslərin kəndə girişi məhdudlaşdırılıb".
Qeyd edək ki, Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.
DİN-in ötən gün yaydığı məlumatda isə Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsi ilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işlərinin aparıldığı bildirilib.