İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir. Bu barədə İnsanoid ADY-yə istinadən bu gün, 12 iyun tarixində xəbər verir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərovanın sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLİRT” qatarı artıq tam istismara hazırdır:
“Bu gün Ucar və Ləki stansiyaları istiqamətində rəmzi səfər təşkil edilir”.
“İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 100 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”, – o vurğulayıb.
O, qatarın müasir olmasına da diqqət çəkib: “Qatarda bar-vaqon, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlərin rahat və təhlükəsiz çatmasına imkan verir”.