Suraxanıda keçirilən əməliyyatlar zamanı saxlanılan 2 nəfərdən “Kalaşnikov” və 10 kiloqram narkotik vasitə aşkar edilib. Bu barədə 22 iyun tarixində APA məlumat verib.
Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov saxlanılıb. Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Digər əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirməkdə şübhəli bilinən Sabirabad rayon sakini olan Rauf Hüseynov Bülbülə qəsəbəsində saxlanılıb. Həmin şəxs ifadəsində Binə qəsəbəsində ona məxsus bir ədəd odlu silahı qazaraq torpağa basdırdığını bildirib. Rauf Hüseynovun dediyi ünvana baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha məxsus patron darağı aşkar olunaraq götürülüb.
Faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.