Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib. Bu barədə 9 may tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.
Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçüləmə işlərinin aparılmasını təmin ediləcək. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir.
Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq.
Burada növbətçi heyət üçün lazımi iş şəraiti, müvafiq xidmət otaqları yaradılıb, ərazidə abadlıq işləri görülüb.
[gallery columns="1" link="file" size="full" ids="115278"]